Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ÜMİDLƏRİ TÜKƏNMİŞ ATANIN ÜRƏK DAĞLAYAN İNTİZARI

0

  •         Bir ata üçün üç övladını və həyat yoldaşını itirmək dəhşətdir. Qaryağdı Quliyevdən aldığım

    müsahibənin acı təəssüratı ürəyimə xal saldı. Düşünürəm ki, Xocalı soyqırımının dəhşətlərini dinləmək nə qədər ağır olsa da, həmin faciəni yaşamaq ömrü boyu mənəvi sarsıntı, psixoloji gərginlik keçirmək deməkdir. Xocalı soyqırımının mahiyyətini tam anlamaq lazımdır...

            Quliyev Qaryağdı Soltan oğlu 1945-ci ildə Xocalıda anadan olmuşdur. Hal-hazırda 2011-ci ildə Goranboyda məcburi köçkünlər üçün salınmış Yeni yaşayış massivində müvəqqəti məskunlaşmışdır. O, uzun illər kolxozda fəhləlik etmişdir.
            Müsahibimin evinə daxil olarkən masanın üstünə yığdığı dərmanlar diqqətimi cəlb etdi.  Yaşlı müsahibimin səhhətinin  ağır olduğu məlum idi.  Ancaq onunla söhbət apardıqca əsil ağrı onun 24 il öncə müsibətli qış gecəsində üç övladının və həyat yoldaşının itkisindən aldığı sarsıntı, mənəvi iztirablar olduğunu gördüm. 
            İlk öncə müsahibimə sualım ermənilərin hansı mənfur əməlləri ilə qarşılaşdığını öyrənmək oldu.
             - Ermənilər müəssisələrin, idarələrin adlarını qapısına erməni, rus dilində yazırdılar. Tez-tez özləri torpaq söhbəti salırdılar. Erməni qocaları deyirdilər ki, guya 1905-ci ildə onlara soyqırım etmişik. Əsgəran rayonunda betaonda ermənilər ədavət yaradırdılar. Mən onlara deyirdim ki, bizim çörəyimizi yeyir, suyumuzu içirsiniz, bizə qarşı da düşmənçilik edirsiniz. Atam onların törətdiyi cinayətləri mənə danışardı. 1967-ci il-də Martuni rayonunda 4 nəfər azərbaycanlıya şər atıb işgəncələrlə öldürmüşdülər.
             - Xocalı soyqırımı zamanı sizin və ailə üzvlərinizin başına hansı hadisələr gəlmişdir?
             - Mən avtobazada gecə gözətçisi işləyirdim. Soyqırım hadisəsi baş verən zaman işdə idim. Avtobaza evimizə yaxın idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi istiqamətindən gələn tankların səsi eşidilirdi. Biz əvvəlcə elə zənn etdik ki, rusların 366-cı motoatıcı alayı təlim keçirir. Sonra gördük ki, Ballıca kəndi tərəfdən 3-4 istiqamətdə bölündülər. Xocalı şəhərini hər tərəfdən mühasirəyə aldılar. Mehdi kəndi tərəfdən hücuma keçən düşmənlər Əlif Hacıyevin polis qrupu ilə xeyli atışmadan sonra oranı aldılar. Hər tərəfdən, həmçinin Qaladərə tərəfdən yandıra-yandıra gəlirdilər. Saat 2-yə işləyərkən şəhərə girdilər. İşdən çıxıb evə gəlmişdim. Köməksiz qalan camaat məcburən qaçmağa başladı.  Uşaqlarla birgə kürəkənim Əhmədov Eldarın badvalına girdik. Kənddən çıxarkən poçt idarəsinin işçisi Hacıyeva Gülşən rabitə ilə qışqırırdı kı, köməyə gəlin, ya da gəlin bizi özünüz öldürün, erməniyə əsir düşməyək. Ancaq onun çağırışları cavabsız qalırdı.
            - Düşmən əlinə keçməmək üçün ailə üzvləriniz hansı istiqamətlərdə pərən-pərən oldu?
            - Biz Kətik dağı istiqamətinə üz tutduq. Rayonumuzun indiki başçısı Şahmar Usubov da bizim yanımızda idi. Saat 4-5 olardı Kətik meşəsinin yüksəkliyinə çıxdıq. Oradan aşıb Ağdamın Abdalgülablı kəndinə getmək istəyirdik. Möhkəm qar yağırdı. Qaçarkən bilmədən ermənilərin Dəhraz kəndi ilə üzləşdik. Yenidən qayıdıb meşəyə girdik. Səhərə kimi meşədə qaldıq. Bizi uşaq, qa-dın səsləri çağırırdı.
            Duyduq ki, çağıran səslər əsirlərin səsləridir. Onları bizi çağırtmağa məcbur edirdilər ki, bizləri də əsir götürsünlər. Meşədə olarkən qardaşım Tahir də gəlib yanımıza çıxmışdı. O xəstə idi. Yeriyə bilmirdi. Həmin qaçhaqaçda həyat yoldaşım, iki qızım və bir oğlumla hansı tərəfə qaçdığını bilmədim. Rəvanə qızım demişdi ki, əmimi qoyub gəlmə. Ocaq qaladım, paltarını qurutdum. Bəlkə də qardaşıma görə ailəmi itirdim.  Çətinliklə qardaşımı Ağdama çatdıra bildim. Lakin çox keçmədi ki, qardaşım dünyasını dəyişdi. Həmin ilin mart ayında qardaşımı Sumqayıt şəhər qəbiristanlığında dəfn etdik.
            Qardaşım Qarsalan Ağdamda yaşayırdı. Qarsalanla məsləhətləşdik ki, geri qayıdıb ailə üzvlərimi axtarıb tapaq. Xeyli axtarışdan sonra gəlib Dəhraz kəndinin üstünə çıxdıq. Kəndin qarşısında böyük fermalar var idi. Ermənilər əsirləri həmin fermalara yığmışdılar. Mən meşəyə tərəf ailə üzvlərimizi axtarmağa getmək istəsəm də qardaşım məni buraxmadı. Gülablıya qayıtmalı olduq. Daha sonra Ağdama gəldik.
            Yoldaşım 1955-ci il təvəllüdlü Quliyeva Sara Hüseyn qızı, qızım 1979-cu il təvəllüdlü Rəvanə,   1981-ci il təvəllüdlü qızım Nuranə, 1985-ci il təvəllüdlü oğlum Şükür o dəhşətli faciədə itkin düşdülər.
            Xocalı faciəsində xalam qızı, xalam qızının iki oğlu, yoldaşımın bibisi və bibisi uşaqları şəhid oldular. Həyat yoldaşımla birgə beş övladımdan üçünü itirdim. Beynəlxalq Qırmızı Xaç komitəsinə və Azərbaycan Qırmızı Aypara cəmiyyətinə dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir nəticə olmadı, onlardan heç bir xəbər ala bilmədim. O vaxtdan indiyə kimi gözlərim yol gözləyir.
            Xocalı soyqırımını bütün dünyaya çatdırmaq lazımdır. Soyqırım cinayətkarları hələ də cəzalarını almayıbdır.
            Müsahibənin sonunda Qaryağdı kişi qeyd etdi ki, belə gözəl evlərdə yaşamaq çox rahatdır. Bunun üçün Cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Rayonumuzun başçısı cənab Şahmar Usubov şəhid ailələrini hər zaman diqqətdə saxlayır, onlara köməklik edir. 
            İnşallah torpaqlarımızı yağı tapdağından azad edəcəyik.

    Müsahibəni apardı: 

    Qalib BƏYMƏMMƏDOĞLU

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib42 dəfə
    ÜMİDLƏRİ TÜKƏNMİŞ ATANIN ÜRƏK DAĞLAYAN İNTİZARI

    Maraqlı gələ bilər
    104
    49